Karate üzrə “Olimpiya ümidləri” layihəsinə start verilib
Azərbaycan Milli Karate Federasiyası 14-15 yaşlı yeniyetmələrdən ibarət milli komandanın heyətinə daha yüksək səviyyəli idmançılar cəlb etmək məqsədilə yeni layihəyə start verib.

“Olimpiya ümidləri” adlı layihədə 12-13 yaşlı uşaqlar arasında keçirilmiş respublika çempionatının mükafatçıları iştirak edirlər. Belə ki, layihə çərçivəsində həmyaşıdları arasında fərqlənən perspektivli karateçilərə həftədə bir dəfə xüsusi məşqlər keçiriləcək. Məşqlər tanınmış karateçilər və milli komandaların məşqçilərinin iştirakı ilə baş tutacaq.

“Olimpiya ümidləri” layihəsinin ilk məşqi rəmzi olaraq Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində başlayıb. Dünyaşöhrətli karateçilərimizdən biri olan, 14-15 yaşlı yeniyetmələrin böyük məşqçisi Şahin Atamov 12-13 yaşlı karateçilərə fərdi təcrübəsindən təlim keçib.

Perspektivli azyaşlı karateçilərə növbəti həftələrdə Niyazi Əliyev, Rafael Ağayev, İrina Zaretska, Şahin Xudaverdiyev, Anar Allahverdiyev, Qurban Tağıyev və Denis Morozov kimi karate mütəxəssisləri dərs keçəcəklər. Beynəlxalq dərəcəli hakim Cahangir Babayev isə onlara yarış qaydaları və yeniliklərlə bağlı məlumatlar verəcək.

“Olimpiya ümidləri” layihəsinə Cahangir Babayev və Novruz Əliyev nəzarət edirlər. İlk məşqi izləyən federasiya prezidenti Yaşar Bəşirov tanınmış karate mütəxəssislərimizin rəhbərliyi ilə icra edilən bu layihənin perspektivli karateçilərin idman karyerasında müsbət rol oynayacağından əmin olduğunu söyləyib, onlara uğurlar arzulayıb. O, Azərbaycan karatesinin dünyada yüksək nüfuzunun qorunması üçün federasiyanın bütün imkanlardan istifadə etdiyini və yeni inkişaf planları üzərində işləndiyini bildirib.

Xəbər 310 dəfə oxundu.