Gənclər və İdman Nazirliyi ilə Dünya Etnoidman Konfederasiyası arasında anlaşma memorandumu imzalanıb
Gənclər və idman naziri Fərid Qayıbov V Beynəlxalq Etnoidman Forumu çərçivəsində bir sıra görüşlər keçirib.

Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan F.Qayıbovla görüşdə Forumun yüksək səviyyədə təşkilinə görə nazirə təşəkkürünü bildirib. Görüşdə Azərbaycanda etnoidmanın inkişafı yolları müzakirə olunub, bu istiqamətdə qarşılıqlı addımların atılması barədə fikir mübadiləsi aparılıb. Sonda Gənclər və İdman Nazirliyi ilə Dünya Etnoidman Konfederasiyası arasında ənənəvi idman növlərinin inkişafı ilə bağlı anlaşma memorandumu imzalanıb.

Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu ilə görüşdə iki qardaş ölkə arasında dostluq əlaqələri, xüsusilə də gənclər və idman sahələrində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. Bu il Türkiyədə təşkil ediləcək İslam Həmrəyliyi Oyunlarına hazırlıqdan söz açılıb və Azərbaycanın bu yarışda əksər idman növlərində təmsil olunacağı qeyd edilib. Sonra əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə razılıq əldə olunub.

Fərid Qayıbovun növbəti görüşü Meksikanın Milli Bədən Tərbiyəsi və İdman Komissiyasının (CONADE) baş direktoru Ana Qabriela Guevara Espinoza ilə olub. Fərid Qayıbov meksikalı qonağa, dəvəti qəbul edib Bakıya səfərə gəldiyi üçün təşəkkürünü bildirib, Azərbaycanda idmanın inkişafı, gənclərin idmana cəlb edilməsi üçün görülən işlər barədə məlumat verib. Ana Qabriela Guevara Espinoza öz növbəsində Meksikada idmanın inkişafı barədə danışıb. Sonda iki ölkə arasında idman sahəsində ikitərəfli münasibətlərin inkişaf imkanları barədə fikir mübadiləsi aparılıb.

Fərid Qayıbov, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun rəhbəri Taha Ayhanla və təşkilatın idarə heyətinin üzvləri ilə görüşüb. Görüşdə islam dünyasında gənclər siyasətinin həyata keçirilməsi, birgə fəaliyyət, islam gəncliyinin inkişaf məsələləri müzakirə edilib.

Nigerin gənclər və idman naziri Sekou Doro Adamou görüş zamanı ikitərəfli idman əlaqələrinin səmərəli ola biləcəyini vurğulayıb, Forumun yüksək səviyyədə təşkilinə görə Fərid Qayıbova təşəkkürünü bildirib.

Gənclər və idman naziri qambiyalı həmkarı Bakari Badjie ilə də görüşüb. Ölkələrimiz arasında gənclər və idman sahələrində əməkdaşlıq perspektivləri müzakirə edilib. Bakari Badjie qonaqpərvərliyə görə nazirə minnətdarlığını ifadə edib.

Xəbər 644 dəfə oxundu.