V Dünya Etnoidman Forumu çərçivəsində yüksək səviyyəli nazirlərin panel iclası keçirilib
Martın 5-də Bakıda V Beynəlxalq Etnosport Forumu çərçivəsində yüksək səviyyəli nazirlərin “Etnoidman beynəlxalq tərəfdaşlığın qurulması və genişləndirilməsi üçün vasitə kimi” mövzusunda panel iclası keçirilib.

Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanın moderatorluğu ilə keçirilən iclasda Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu dünyanın bu çətin günlərində idmanın insanları sülh və ədalət naminə birləşdirdiyini bildirib. Etnoidman növlərinin inkişafına Azərbaycanın sabiq naziri Azad Rəhimovun çox böyük töhfələr verdiyini qeyd edən qonaq yeni nazir Fərid Qayıbova uğurlar diləyib, idman sahəsində əməkdaşlığın daimi olmasını arzulayıb.

Türkiyənin bütün regionlarında ənənəvi idman növlərini inkişaf etdirməyin əsas məqsədlərdən olduğunu bildirən nazir bu sahədə bir sıra infrastruktur layihələrinin olduğunu vurğulayıb: “Pandemiya dövrünə baxmayaraq, Türkiyədə idman sahəsində çoxlu tədbirlər keçirilib. Ötən il 200-ə yaxın beynəlxalq yarış təşkil edilib. Türkiyədə bir çox idman növləri dəstəklənir, onların inkişafı üçün sərmayə qoyulur. Bugünkü forumun ana xətti ənənəvi idmanın inkişafıdır. 2015-ci ildən bu sahədə ciddi irəliləyiş var və uğurlu nəticələr əldə edilib. İnanırıq ki, ənənəvi idman növləri üzrə yeni federasiya və klublar yaradılacaq”.

Nigerin gənclər və idman naziri Sekou Doro Adamou etnoidman növlərinin bütün dəyərləri özündə birləşdirdiyini bildirib. O, ölkəsində bu sahədə çoxlu işlərin görüldüyünü və gələcəkdə digər tədbirlərin nəzərdə tutulduğunu deyib: “Nigerdə qitələrarası forumlar təşkil edilir ki, bu tədbirlər vasitəsilə ənənəvi idman növlərində strategiyalarımızı müəyyənləşdiririrk. Afrikanın 15 ölkəsi ənənəvi güləş növünün inkişafı üçün çalışır. Ölkəmiz ənənəvi idman növlərinə böyük önəm verir. Bu sahənin inkişafı məqsədilə arenalar var və onları inkişaf etdiririk. Gələn ilin martında ölkəmizdə ənənəvi idman növləri üzrə birinci festivalın keçirilməsini planlaşdırırıq. Bununla bağlı danışıqlar aparılır”.

Meksikalı senator Ana Gabriela Guevara Espinoza idmanın insanları birləşdirdiyini və nəticədə qarşılıqlı dialoqun yarandığını bildirib. Müasir idman növləri ilə yanaşı, ənənəvi növlərin də inkişafının önəmini vurğulayan qurum rəsmisi Meksikada hər iki istiqamətdə ciddi tədbirlərin görüldüyünü vurğulayıb: “Ölkəmizdə 8 fərqli ənənəvi idman növü var və azarkeşlərin sayı artmaqdadır. Ümid edirik ki, insanlar bu idman növlərini inkişaf etdirməyə çalışacaqlar. Meksika bu sahədə Amerika ölkələri ilə əməkdaşlığı davam etdirir. Düşünürəm ki, forumu gələcəkdə Meksikada da keçirə biləcəyik”.

Qambiyanın gənclər və idman naziri Bakary Badjie ölkəsində güləşin çox populyar olduğunu və futbola böyük rəğbət bəsləndiyini bildirib: “Ölkəmizdə ənənəvi idman növlərinə böyük rəğbət var. Bu növlərdən ən populyarı güləşdir. Bu sahənin daha yaxşı inkişaf etməsi üçün geniş infrastrukturun qurulması vacibdir. Bundan başqa, etnoidman növlərini inkişaf etdirmək üçün beynəlxalq dəstək lazımdır”.

Qeyd edək ki, Dünya Etnoidman Konfederasiyası 2016-cı ildən etibarən hər il İstanbulda onlarca ölkədən yüz minlərcə ziyarətçinin iştirakı ilə Etnoidman Mədəniyyəti Festivalı təşkil edir. Ənənəvi idman növləri üzrə təşkil olunan festivalda müxtəlif ölkələr mədəni və idman potensiallarını, ənənələrini nümayiş etdirmək imkanı qazanırlar.

Xəbər 258 dəfə oxundu.