Yunanıstanda qılıncoynatmanın sablya növü üzrə qadınların dünya kubokuna start verilib
Martın 4-də Yunanıstanın paytaxtı Afinada qılıncoynatmanın sablya növü üzrə qadınlar arasında dünya kuboku turnirinə start verilib.

Yarışın birinci günündə şəxsi yarışda təsnifat mərhələsindən ən güclü 64-lüyə yüksələn sablyaçılar müəyyənləşib. Azərbaycan Səbinə Kərimova, Sevil Bünyatova, Valeriya Bolşakova və Polina Kaspiaroviç qrup mərhələsindən pley-offa yüksəlməyi bacarsa da, 64-lüyə vəsiqə qazana bilməyib.

Səbinə Kərimova əsas mərhələyə yüksəlmək uğrunda keçirilən görüşlərdə rumıniyalı Felisia İakoba 15:8 hesabı ilə qalib gəlsə də, növbəti görüşündə ABŞ təmsilçisi Elizabet Tartakovskiyə 12:15 hesabı ilə uduzub. Sevil Bünyatova ilk pley-off görüşündə Qazaxıstan idmançısı Anastasiya Gulikə 15:5 hesabı ilə qalib gəlib. Bünyatova 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə amerikalı Françeska Russoya 7:15 hesabı ilə məğlub olub.Valeriya Bolşakova ilk pley-off görüşündə fransalı Anna Coudercə 15:7 hesabı ilə qalib gəlsə də, növbəti görüşündə Almaniya sablyaçısı Larissa Eyflərə 6:15 hesabı ilə uduzub. Polina Kaspiaroviç pley-offda almaniyalı Lea Krueger 11:15 hesabı ilə uduzub.

Reytinqi yüksək olduğundan mübarizəyə əsas mərhələdən qoşulacaq Anna Baştanın sabaha keçiriləcək görüşdə rəqibi müəyyənləşib. Başta ən güclü 32-liyə yüksəlmək üçün İspaniya sablyaçısı Selia Cuenca Perezlə qarşılaşacaq.

Xəbər 306 dəfə oxundu.