Azərbaycanlı qadın cütlük akrobatika gimnastikası üzrə dünya yaş qrupları yarışlarının finalına yüksələ bilməyib
Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarında daha bir kateqoriyada finalçılar bəlli olub.

12-18 yaş kateqoriyasında mübarizə aparan qadın cütlüklərin təsnifat yarışında 8 komanda növbəti mərhələyə vəsiqə qazanıb. Belə ki, medallar uğrunda İsrail, ABŞ, Böyük Britaniya, Fransa, Qazaxıstan, Rusiya, Niderland və Belçika komandaları mübarizə aparacaqlar.

Təsnifat mərhələsində 50,830 xal toplayan Azərbaycan cütlüyü 16-cı olub və finala yüksələ bilməyib.

Martın 6-dək davam edəcək yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları proqramında qüvvələrini sınayırlar.

Turnirdə Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Başiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.

Ölkəmizdə ilk dəfə təşkil olunan yarışda 24 ölkədən 438 idmançı iştirak edir.

Xəbər 259 dəfə oxundu.