Akrobatika gimnastikası üzrə dünya yaş qrupları yarışlarında qadın qrupumuz balans hərəkətində çıxışını təqdim edib
Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarında Anahita Başiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyevadan ibarət qadın qrupumuz balans hərəkətində çıxışını təqdim edib.

12-18 yaş kateqoriyasında mübarizə aparan komandamızın çıxışı 25,970 xalla qiymətləndirilib. Ötən gün temp hərəkətində proqramını icra edən komandamız hakimlərdən 25,650 xal alıb. İki hərəkətin cəmində 51,620 xal toplayan qrup komandamız ümumi təsnifat mərhələsində hazırda 10-cu pillədə qərarlaşıb.

Martın 6-dək davam edəcək yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları proqramında qüvvələrini sınayacaqlar.

Turnirdə Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Başiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.

Ölkəmizdə ilk dəfə təşkil olunan yarışda 24 ölkədən 438 idmançı iştirak edir.

Xəbər 269 dəfə oxundu.