Azərbaycanlı qarışıq cütlük dünya yaş qrupları yarışlarının finalına yüksəlib
Bakıda keçirilən akrobatika gimnastikası üzrə dünya yaş qrupları yarışlarında 12-18 yaş kateqoriyasında mübarizə aparan qarışıq cütlüyümüz - Milana Əliyeva və Nizam Xamidulin finala vəsiqə qazanıb.

Cütlüyümüzün temp və balans hərəkətləri üzrə çıxışı 54,100 xalla qiymətləndirilib və təmsilçilərimiz təsnifat mərhələsində dördüncü pillədə qərarlaşıblar. Bu da finala yüksəlmək üçün yetərli olub.

Azərbaycan cütlüyü ilə yanaşı, finalda İsrail, Rusiya, İtaliya, Böyük Britaniya, Portuqaliya, Niderland və Qazaxıstan komandaları mübarizə aparacaqlar.

Final martın 5-də təşkil olunacaq.

Martın 6-dək davam edəcək yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları proqramında qüvvələrini sınayacaqlar.

Turnirdə Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Başiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.

Qeyd edək ki, yarış Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun, tamaşaçı iştirakı olmadan keçirilir.

Xəbər 247 dəfə oxundu.