Azərbaycanlı cütlük 12-ci dünya yaş qrupları yarışlarının temp hərəkətində çıxışını təqdim edib
Rəsul Seyidli və Rəvan Zeynallıdan ibarət Azərbaycanın kişi cütlüyü Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarında temp hərəkətində çıxışını təqdim edib.

12-18 yaş kateqoriyasında mübarizə aparan cütlüyümüzün təsnifat mərhələsində çıxışı hakimlər tərəfindən 24,980 xalla qiymətləndirilib. Balans hərəkətində isə təmsilçilərimiz hakimlərdən 23,310 xal alıblar. İki hərəkətin cəmində 48,290 xal toplayan gimnastlarımız hazırda13-cü pillədə yer alıblar.

Martın 6-dək davam edəcək yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları proqramında qüvvələrini sınayacaqlar.

Turnirdə Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Başiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.

Ölkəmizdə ilk dəfə təşkil olunan yarışda 24 ölkədən 438 idmançı iştirak edir.

Qeyd edək ki, yarış Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun, tamaşaçı iştirakı olmadan keçirilir.

Xəbər 298 dəfə oxundu.