Bakıda akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarının ikinci gününə start verilib
Bakıda akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarının ikinci gününə start verilib.

İkinci yarış günündə 12-18 yaş kateqoriyasında kişi və qadın cütlüklər temp hərəkətində güclərini sınayacaqlar. Qarışıq cütlüklər və qadın qrupları balans hərəkətində mübarizə aparacaqlar.13-19 yaş kateqoriyasında isə kişi cütlüklər balans, qarışıq cütlüklər və kişi qrupları isə balans hərəkətində yarışacaqlar.

Martın 6-dək davam edəcək yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları proqramında qüvvələrini sınayacaqlar.

Turnirdə Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Başiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.

Ölkəmizdə ilk dəfə təşkil olunan yarışda 24 ölkədən 438 idmançı iştirak edir.

Qeyd edək ki, yarış Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun, tamaşaçı iştirakı olmadan keçirilir.

Xəbər 265 dəfə oxundu.