Şəhriyar Məmmədyarov FIDE Qran-Pri seriyasının ikinci mərhələsinin üçüncü turunda rusiyalı şahmatçı ilə heç-heçə edib
Belqradda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirak etdiyi FIDE Qran-Pri seriyasının ikinci mərhələsinin üçüncü turunun oyunları keçirilib.

Təmsilçimiz D qrupunda üçüncü görüşündə rusiyalı Aleksandr Predke ilə heç-heçə edib. Qeyd edək ki, Ş.Məmmədyarovun bundan əvvəlki iki turda görüşləri də heç-heçə ilə başa çatıb.

Qrupda hər şahmatçının aktivində 1,5 xal var.

Xatırladaq ki, seriyada ümumilikdə 24 şahmatçı iştirak edir. Hər turnirdə isə 16 oyunçu mübarizə aparır. Şahmatçıların hər biri seriyanın maksimum iki turnirində oynaya bilər. Şəhriyar Məmmədyarov, həmçinin seriyanın üçüncü mərhələsində də iştirak edəcək.

Oyunçular hər turnirin nəticəsinə görə Qran-Pri xalları qazanacaqlar. Ümumi hesabda ən çox xal toplayacaq iki şahmatçı 2022-ci il namizədlər turnirinə vəsiqə qazanacaq.

Xəbər 281 dəfə oxundu.