Boks üzrə “Təhsil” Respublika İdman Mərkəzində ölkə birinciliyi keçirilib
Boks üzrə “Təhsil” Respublika İdman Mərkəzində 2006-2007-ci il təvəllüdlü oğlanlar arasında respublika birinciliyi keçirilib.

Pandemiya qaydalarına əməl olunmaqla təşkil edilən yarışda uşaq-gənclər idman-şahmat məktəblərindən 15 komandanın heyətində 181 idmançı mübarizə aparıb.

Ümumi hesabda 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi birinci yeri tutub. Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi ikinci, Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi üçüncü yerə sahib olublar.

Qalib idmançılar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom və medalla təltif ediliblər.

Qeyd edək ki, yarışın keçirilməsində məqsəd boks idman növünün təbliği və inkişaf etdirilməsi, ümidverici idmançıların aşkar edilməsi, onların yarış təcrübələrinin artırılması, Mərkəzin yeniyetmələrdən ibarət yığma komandasının tərkibinin müəyyən edilməsindən ibarətdir.

Xəbər 414 dəfə oxundu.