Yeniyetmə cüdoçular arasında bölgə birincilikləri keçiriləcək
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə cari ilin martdan başlayaraq aprelin ilk günlərinədək respublikanın 8 bölgəsində (54 rayon və şəhərin iştirakı ilə) 15 yaşadək yeniyetmə cüdoçuların bölgə birincilikləri keçiriləcək.

İlk yarışlar martın 5-də Naxçıvan və Göygöldə keçiriləcək. Növbəti yarışlar Mingəçevir (7 mart), Balakən (12 mart), İsmayıllı (14 mart), Qusar (16 mart), Masallı (18 mart) və Sumqayıtda (6-7 aprel) təşkil olunacaq.

Yarışlarda 2008-2010-cu il təvəllüdlü idmançılar medallar uğrunda mübarizə aparacaqlar.

Mükafatçılar mayın 6-8-də Bakıda keçiriləcək kiçik yaşlı yeniyetmələr arasında Azərbaycan birinciliyinə vəsiqə qazanacaqlar.

ACF-in əsas məqsədlərindən biri ölkəmizin bütün regionlarında cüdo idman növünü daha da populyarlaşdırmaq və kütləviləşdirməklə yeni istedadların kəşf edilməsi, həmçinin yeniyetmələr və gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin təbliğ edilməsidir.

Xəbər 586 dəfə oxundu.