Qocyu-ryu karate-do üzrə respublika çempionatı və birinciliyi keçirilib
Fevralın 26-28-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Okinava Qocyu-Ryu Karate-do və Kobudo Kempo İdman Növləri Federasiyasının təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında qocyu-ryu karate-do üzrə 26-cı açıq respublika çempionatı və birinciliyi keçirilib.

“Şuşa İli”nə həsr edilən yarış Bakı İdman Sarayında baş tutub.

Əvvəlcə yarışın açılış mərasimi baş tutub. Vətən müharibəsi qazilərinin, idman ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyünün qorunması, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Okinava Qocyu-Ryu Karate-do və Kobudo Kempo İdman Növləri Federasiyasının prezidenti, Əməkdar bədən tərbiyəsi və idman xadimi Tarverdi Allahverdiyev, federasiyanın vitse-prezidenti Vüsal Abdullazadə Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ili "Şuşa İli" elan etməsinin möhtəşəm hadisəyə çevrildiyini və bu ilin parlaq və təntənəli tədbirlərlə - festivallar, konsertlər, müsabiqələr, sərgilər, yaradıcılıq layihələri, eləcə də müxtəlif idman tədbirləri ilə yadda qalacağını vurğulayıblar.

Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim uca tutan Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı müsahibələrinin birində “Şuşasız bizim işimiz yarımçıq olar”, - deyə bu şəhəri əsla işğal altında qoymayacağını bəyan etmişdi. Prezident İlham Əliyev bu vədini də yerinə yetirdi. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsinin taleyində həlledici gün məhz 2020-ci il noyabrın 8-i oldu. Şuşa şəhərinin işğalçılardan azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə çox ciddi təsir göstərdi və Azərbaycanın hərb meydanında olduğu kimi, diplomatiya sahəsində də uğurlarını şərtləndirdi.

Çıxış edənlər “Şuşa İli”nə həsr edilən belə tədbirlərin təşkilinin vətənpərvərlik ruhunun gücləndirilməsində xüsusi rol oynadığını vurğulayıblar.

Daha sonra uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında qocyu-ryu karate-do üzrə açıq respublika çempionatı və birinciliyinə start verilib. Yarışlarda respublikanın 350-dən çox idmançısı mübarizə aparıb.

Yekun nəticələrə görə, iriqumi -qo versiyası üzrə “Okinava” komandası 21 qızıl medalla birinci yeri tutub. “Sərhədçi” (8 qızıl medal) ikinci, Hacıqabul rayonunun komandası isə (6 qızıl medal) üçüncü yerləri qazanıblar. Semi - kontakt versiyası üzrə isə 18 qızıl medalla “Fudokan mərkəz” komandası birinci yerə layiq görülüb. Sumqayıt şəhər komandası 14 qızıl medalla ikinci, Ağstafa (Fudokan nümayəndəliyi) yığması isə 7 qızıl medalla üçüncü yerlərə sahib olublar.

Sonda qalib və mükafatçılar təltif ediliblər.

Xəbər 726 dəfə oxundu.