İdman jurnalistləri arasında şahmat turniri keçirilib
5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Azərbaycan Şahmat Federasiyasının (AŞF) və Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) təşkilatçılığı ilə idman jurnalistləri arasında şahmat turniri keçirilib.

Turnirin açılış mərasimində əvvəlcə Vətən müharibəsi şəhidlərinin və dünyasını dəyişən jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AİJF-in icraiyyə komitəsinin üzvü Sənan Şəfizadə və AŞF-in vitse-prezidenti Faiq Həsənov tədbirdə çıxış edərək Bədən Tərbiyəsi və İdman Gününün əhəmiyyətindən danışıb, ölkəmizdə idmanın inkişafına göstərilən yüksək diqqət və qayğıdan söz açıblar.

Sonra turnirə start verilib. “İdman birləşdirir” şüarı ilə təşkil olunan şahmat yarışında ilk gedişi ötən il dünyasını dəyişən idman jurnalisti, televiziya aparıcısı Elnur Əşrəfoğlunun övladı Mətin Şükürov edib.

İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət şahmat yarışında müxtəlif media orqanlarını təmsil edən 22 idman jurnalisti iştirak edib.

Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda maksimum nəticə toplayan Ceyhun Əliyev (sport24.az) birinci yeri tutub. Aysel Adıgözəlli (qol.az) 8 xalla ikinci, Cəmaləddin Rəhmanov (Milli Olimpiya Komitəsinin informasiya şöbəsi) isə 6,5 xalla üçüncü yeri tutublar. İlk üç yerin sahiblərinə diplom, pul mükafatı və qiymətli hədiyyələr təqdim olunub. Dördüncü və beşinci yerləri tutan Seymur Teymurova (offsideplus.az) və Siyavuş Əliyevə (İdman TV) hədiyyələr verilib.


Xəbər 282 dəfə oxundu.