Şəhriyar Məmmədyarov “FIDE Grand Prix” seriyasının ikinci mərhələsində iştirak edəcək
Martın 1-də Serbiyanın paytaxtı Belqradda “FIDE Grand Prix” seriyasının ikinci mərhələsi start götürəcək.

Ölkəmizi “FIDE Grand Prix” seriyasının ikinci mərhələsində Şəhriyar Məmmədyarov təmsil edəcək. Təmsilçimizlə yanaşı, yarışda daha 15 şahmatçı – Dmitri Andreykin (Rusiya), Aniş Qiri (Niderland), Aleksandr Qrişuk (Rusiya), Rixard Rapport (Macarıstan), Maksim Vaşe-Laqrav (Fransa), Nikita Vityuqov, Vladimir Fedesoyev, Aleksandr Predke (Rusiya), Pentala Harikrişna, Vidit Quyaratci (Hindistan), Yu Yanqyi (Çin), Sem Şankland (ABŞ), Alekse Şirov (İspaniya), Amin Tabatabei (İran) və Etienne Bakrot (Fransa) mübarizə aparacaqlar.

Yarışın əsasnaməsinə görə, seriyada ümumilikdə 24 şahmatçı iştirak edir. Hər bir şahmatçı seriyanın maksimum iki turnirində oynaya bilər. Şahmatçımız Şəhriyar Məmmədyarov, həmçinin turnirin 3-cü mərhələsində iştirak edəcək. Hər turnir isə 16 oyunçunun iştirakı ilə ikimərhələli formatda keçirilir. Birinci mərhələdə oyunçular dörd nəfərdən ibarət dörd qrupa bölünür. Hər qrupdan qalib olan bir nəfər ikinci mərhələyə keçir. İkinci mərhələdə, hər qrupun qalibi yarımfinal və finaldan ibarət nokaut turnirində oynayacaq. Həm yarımfinal, həm də final 2 klassik oyundan və lazım gələrsə, tay-brekdən ibarət olacaq. Oyunçular hər turnirin nəticəsinə görə Qran-Pri xalları qazanacaqlar. Oynadıqları iki turnirdə ən çox xal toplayacaq iki şahmatçı 2022-ci il namizədlər turnirinə vəsiqə qazanacaq.

Xəbər 267 dəfə oxundu.