Güləşçimiz Hacımurad Məhəmmədsəidov reytinq turnirinin sonuncu günündə bürünc medal qazanıb
İstanbulda güləş üzrə Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplan reytinq turniri sona çatıb.

Yarışın sonuncu günündə sərbəst güləş üzrə yığmamızın üzvləri mübarizə aparıblar.

İslam Bazarqanov (61 kq) səkkizdəbir finalda özbək Qulamcan Abdullayevə minimal fərqlə məğlub olub - 2:3. Rəqib finaladək irəlilədiyi üçün İ.Bazarqanov mübarizəni davam etdirib. Ancaq güləşçimiz təsəlliverici görüşdə türkiyəli Recep Topala minimal fərqlə uduzub.

Turnirdə 65 kiloqram çəki dərəcəsində ölkəmizi 2 güləşçi təmsil edib. Əli Rəhimzadə startda özbəkistanlı Ümidcan Jəlalova (0:10) məğlub olsa da, Əhmədnəbi Qvarzatilov türkiyəli Ərtoğrul Kahveciyə çətinlik çəkmədən qalib gəlib - 15:5. Təmsilçimiz səkkizdəbir finalda dünya çempionu Beka Lomtadzeylə (Gürcüstan) gərgin keçən mübarizədən qalib ayrılıb - 10:7. Ə.Qvarzatilov dörddəbir finalda monqolustanlı Tulqa Oçirə məğlub olub - 6:9.

Gitinoməhəmməd Hacıyev (70 kq) təsnifat mərhələsində gürcü Levan Kelexsaşviliyə 4:11 hesabı ilə uduzub.

Soslan Tigiyev (74 kq) debütdə Jozef Lavalee (ABŞ) ilə mübarizədən qalib ayrılıb - 4:2. S.Tigiyev daha sonra qazaxıstanlı Şingis Muxametkaliyevi yolundan kənarlaşdırıb. Güləşçimiz dörddəbir finalda hindistanlı Pritam Pritama uduzub - 10:13.

Hacımurad Ömərov (79 kq) səkkizdəbir finalda gürcü Vladimeri Qamkrelidzeylə bacarmayıb - 2:7.

Hacımurad Məhəmmədsəidov (86 kq) startda türkiyəli Fatih Erdinə uduzub - 1:3. Rəqib finala yüksəldiyi üçün güləşçimiz mübarizəni təsəlliverici görüşlə davam etdirib və iranlı Mojtaba Əsgəriyə tam üstünlüklə qalib gəlib - 10:0. Təmsilçimiz bürünc medal uğrunda qarşılaşmada almaniyalı Lars Şaefleni 7:0 hesabı ilə üstələyərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Şamil Zubairov (92 kq) ilk mərhələdə Hindistanın tanınmış güləşçisi Dipak Puniaya məğlub olub - 2:4.

Xəbər 251 dəfə oxundu.