Cüdo üzrə milli komandaya iki peşəkar mütəxəssis cəlb edilib
Azərbaycan Cüdo Federasiyası (ACF) milli yığma komandaların idarəçiliyində struktur və vəzifə dəyişikliyi edib.

Yeni yaradılacaq performans direktoru və kişilərdən ibarət yığma komandanın baş məşqçisi vəzifələrinə iki xarici mütəxəssis cəlb olunub. Performans direktoru vəzifəsinə niderlandlı Mark van der Ham, kişilərdən ibarət milli komandanın baş məşqçisi vəzifəsinə isə almaniyalı Riçard Trautman dəvət alıb. Hər iki mütəxəssis martın 1-dən etibarən vəzifələrinin icrasına başlayacaq.

ACF-in İcraiyyə Komitəsinin fevralın 28-də keçirilən iclasında hər iki mütəxəssis cüdo ailəsinə təqdim edilib.

Federasiya prezidenti Rəşad Nəbiyev bildirib ki, ACF bu qərarı qəbul edərkən aparıcı cüdo ölkələrinin təcrübəsini öyrənib və onların uğurunun əsasında yüksək səviyyəli idmançıların hazırlığına sistemli elmi yanaşmanın və yeni istedadların kəşfi üçün cüdonun kütləviləşdirilməsinin dayandığını müəyyənləşdirib. O, yeni mütəxəssislərin indiyə qədər məşqçilik fəaliyyəti zamanı qazandıqları nəticələrlə öz peşəkarlıqlarını sübut etdiklərini vurğulayıb. Onların elit səviyyəli idmançıların hazırlığına olan sistemli və elmi yanaşması ilə ölkəmizin zəngin cüdo ənənələri və istedadlı idmançılarımızın uğurlu tandemi sayəsində Azərbaycan cüdosunun dünyada daha da yüksək səviyyəyə qalxacağına əminliyini ifadə edən federasiya prezidenti əsas məqsədin 2024-cü ildə keçiriləcək Paris Olimpiya Oyunlarında uğur qazanmaq olduğunu bildirib.

Sonra federasiyanın baş katibi Rəşad Rəsullu edilən dəyişikliklər və yeni əməkdaşların təcrübəsi və karyerası barədə iclas iştirakçılarına məlumat verib. Qeyd olunub ki, köklü inkişafa nail olmaq üçün strukturda edilən yenilik federasiyada beynəlxalq təcrübədəki performans direktor vəzifəsinin yaradılmasıdır. Bütün yaş qrupları üzrə milli yığmaların işinin təşkilinə nəzarət edəcək performans direktoru Mark van der Ham eyni zamanda, idmançıların çıxışlarında effektivliyin yüksəldilməsi üzrə məsul şəxs olacaq. Həmçinin yığmanın üzvlərinin performanslarının yüksəldilməsi üçün onların və rəqiblərinin çıxışlarının analitik təhlili, müasir idman tibbi və fiziki hazırlıq yanaşmaları tətbiq olunacaq. Bu zaman müvafiq proqram təminatı, elmi-metodiki yanaşmalardan və texniki cihaz və vasitələrdən istifadə ediləcək.

Mark van der Ham məşqçilik fəaliyyətinə 2006-cı ildə Niderlandın iki ən böyük cüdo klubundan biri olan Rotterdam klubunda başlayıb. O, 2012-2016-cı illərdə Niderlandın cüdo üzrə milli yığmasında məşqçi və baş məşqçi vəzifələrində çalışıb. 2017-ci ildə Belçikada gənclərdən ibarət yığmanın baş məşqçisi kimi fəaliyyətə başlayıb, 2018-ci ildə böyüklərdən ibarət milli komandanın, 2020-ci ildə bütün yığma komandaların baş məşqçisi təyin edilib. Fəaliyyəti dövründə hazırladığı idmançılar Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında dəfələrlə medallar qazanıb.

Kişilərdən ibarət yığma komandanın yeni baş məşqçisi Riçard Trautman Barselona və Atlanta Yay Olimpiya oyunlarında bürünc medal qazanıb. O, məşqçilik fəaliyyətinə 2001-ci ildə başlayıb və həmin ildən də Almaniyanın cüdo üzrə milli komandasında köməkçi məşqçi kimi çalışmağa dəvət alıb. 2005-2008-ci illərdə Almaniyanın yeniyetmələrdən ibarət komandasının, 2009-2016-cı illərdə gənclərdən ibarət yığmasının və 2016-2021-ci illərdə isə böyüklərdən ibarət yığmasının baş məşqçisi olub. Beləliklə, Riçard Trautman Almaniyanın cüdo üzrə milli komandalarında bütün yaş qrupları üzrə çalışıb. Onun fəaliyyəti Almaniya yığmasına Olimpiya oyunlarında, müxtəlif yaş qrupları üzrə dünya və Avropa çempionatlarında dəfələrlə medallar qazandırıb. Beynəlxalq turnirlərdə yüksək nəticələrə yönəlik məşq-hazırlıq proqramlarının hazırlanması və gələcək qarşılaşmalar üçün özəl taktikaların formalaşdırılması üzrə geniş təcrübəyə malikdir.

Kişilərdən ibarət milli yığma komandanın hazırkı baş məşqçisi Mövlüd Mirəliyev martın 1-dən etibarən böyük məşqçi qismində milli komandada fəaliyyətini davam etdirəcək.

Xəbər 294 dəfə oxundu.