“Xəzər Lənkəran”ın supertransferi gəlir
Transfer çalışmalarında bəxti gətirməyən “Xəzər Lənkəran”ın braziliyalı Betonu transfer etmək istədiyi barədə məlumat vermişdik. Tam adı Andre Roberto Suares da Silva birbaşa müqaviləyə dəvət olunmuşdu. Amma son olaraq Türkiyənin “Mersin İdman Yurdu” klubunda çıxış edən futbolçunun keçidi baş tutmadı. Braziliyalının ailəsinə görə ölkəmizə gəlməkdən imtina etdiyi deyilirdi.
Amma artıq problem həll olunub. Beto “Xəzər Lənkəran”a keçməyə razılıq verib. Tərəflər arasında müqavilənin bütün detalları razılaşdırılıb. Braziliyalı hücumçu sabah ölkəmizə gələrək 1 illik rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, Beto 25 oktyabr 1981-ci ildə Braziliyanın Santa Katarina ştatının San Karlos şəhərində dünyaya gəlib. 1999-2006-cı illərdə Braziliyanın “Ulbra”, “Krikiuma” və Argentinanın “Ferro Karril Oeste” klublarında çıxış edən futbolçu 2007-ci ildə Avropaya üz tutaraq 1 il Polşa “Liteks”ində forma geyinib (39 oyun, 18 qol). 2008-ci ildə Türkiyəyə gələn Beto indiyədək qardaş ölkədə çıxış edib. Bu müddətdə o, “Qaziantepspor” (2008-2011, 76 oyun, 24 qol), “Bucaspor” (2011, icarə, 9 oyun) və “Mersin İdman Yurdu”nun (2011-2012, 18 oyun, 4 qol) formasını geyinib.

Xəbər 998 dəfə oxundu.