Gənc cüdoçular arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində gənc cüdoçular arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb.

Azərbaycan Cüdo Federasiyasının, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışın üçüncü günündə oğlanlar arasında 66, 100, +100, qızlar arasında isə 52, 78 kiloqram çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşib. Belə ki, qızların yarışında Rita Əliyeva (52 kq), Nərmin Əmirli (78 kq), oğlanlar arasında isə Qasım Vəlizadə (66 kq), Ruslan Nəsirli (100 kq), Hüseyn Məmmədov (+100 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

Ümumilikdə, Azərbaycan birinciliyində 242 idmançı (220 oğlan, 22 qız) medallar uğrunda mübarizə aparıb. Yarışın yekun nəticəsinə görə, ümumi komanda hesabında "Neftçi" idman klubu birinci yerə, “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi ikinci yerə, "Kanokan" idman klubu isə üçüncü yerə sahib olublar.

Xəbər 296 dəfə oxundu.