Beynəlxalq və Azərbaycan Cüdo federasiyaları arasında əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb
Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli və baş katibi Rəşad Rəsullu Beynəlxalq Cüdo Federasiyasının (İJF) Budapeşt şəhərində yerləşən mənzil-qərargahında təşkilatın baş direktoru Vlad Marinesku ilə görüşüblər.

Tədbirdə Vlad Marinesku Azərbaycan kimi dünyanın aparıcı cüdo ölkəsinin təmsilçilərini mənzil-qərargahda salamlamaqdan böyük məmnunluq duyduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan və beynəlxalq cüdo qurumları arasında çoxillik əməkdaşlıq mövcuddur. Belə ki, 2009-cu ildən etibarən Azərbaycanda demək olar hər il beynəlxalq səviyyəli nüfuzlu turnirlərdən biri təşkil edilir. Qurum, həmçinin Azərbaycanda cüdonun inkişafı ilə bağlı müəyyən layihələrə də dəstək verib. O, görüşün dünya cüdo ailəsinin dəyərli təmsilçisi olan Azərbaycanda bu idman növünün daha da inkişaf etdirilməsi ilə bağlı birgə layihələrin müəyyən edilməsi baxımından mühüm əhəmiyyətini vurğulayıb.

Elnur Məmmədli dünya cüdosunun mərkəzində olmaqdan və görüş üçün imkanın yaradılmasından məmnuniyyətini ifadə edib, təşkilatlar arasında qarşılıqlı əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirib.

Sonra hər iki qurum arasında əməkdaşlıq imkanları, Azərbaycanda cüdonun inkişafı istiqamətində birgə layihələr və İJF-in malik olduğu zəngin təcrübənin Azərbaycanda tətbiqi məsələləri müzakirə edilib. Azərbaycanda cüdonun kütləviliyinin artırılması ilə bağlı həyata keçirilən və planlaşdırılan tədbirlər barədə məlumat verilib və fikir mübadiləsi aparılıb.

Tədbirdə məşqçi heyətinin peşəkarlığının yüksəldilməsi istiqamətində əməkdaşlıq şəraitində artıq real addımların atıldığı vurğulanıb. Belə ki, İJF-in nəzdində olan Akademiyada cari ilin martından etibarən 50-yə yaxın yerli məşqçi təhsil almağa başlayacaq. Sonrakı mərhələdə Akademiya ilə əməkdaşlıq istiqamətində növbəti addımlar, xüsusilə də hakimlər heyətinin təhsili üzrə layihə müzakirə edilib.

Cüdonun uşaqlar və gənclər arasında təbliğatı məqsədilə İJF-in “Məktəblərdə cüdo” layihəsinin Azərbaycanda həyata keçirilməsinin vacibliyi vurğulanıb. Cüdonun gənc nəslin fiziki sağlamlığı ilə yanaşı, təhsil və təlim-tərbiyəsində də mühüm rol oynadığı qeyd edilib.
Görüşdə 2022-ci il noyabrın 4-6-da Bakıda “Böyük dəbilqə” yarışının yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olunub.

Xəbər 313 dəfə oxundu.