Azərbaycan Triatlon Federasiyasının 2022-ci il üzrə inkişaf strategiyası təqdim edilib
Fevralın 24-də Azərbaycan Triatlon Federasiyasının açıq konfransı keçirilib.

Konfransda çıxış edən Azərbaycan Triatlon Federasiyasının prezidenti Elçin Əliyev idmanın bu növü üzrə təşkilatın yaxın illər üçün formalaşdırılmış strategiyası haqqında məlumat verib.

Federasiya prezidenti bildirib ki, yaxın illərdə triatlonun Azərbaycanda ən populyar idman növlərindən biri olmaq potensialı var. İdmanın bu növünə artan maraq belə nikbin proqnoz verməyə imkan verir. Federasiyanın yeni komandası idmanın bu növünü üç istiqamətdə inkişaf etdirmək niyyətindədir. Belə ki, triatlona Azərbaycanda həm peşəkar, həm də həvəskar idman növü kimi xüsusi diqqət yetiriləcək. Bununla yanaşı, xalqımızın, xüsusən də yetişən nəslin sağlamlığının qorunması üçün triatlona kütləvi idman növü kimi də dəstək veriləcək.

“Məqsədimiz Azərbaycanın Zəfər bayrağını beynəlxalq peşəkar və həvəskar idman yarışlarında uca qaldırmaq və əzmkar gənclər yetişdirməkdir. Gənclərin bu Olimpiya idman növünə marağı və dövlətimizin davamlı dəstəyi bizə gələcəyə optimizmlə baxmağa imkan verir”, - deyə E.Əliyev bildirib.

Federasiya prezidenti, həmçinin 2022-ci ildə nəzərdə tutulmuş idman yarışları haqqında məlumat verib. Diqqətə çatdırıb ki, sentyabrın 25-də ilk dəfə olaraq triatlon üzrə Azərbaycan açıq çempionatı, oktyabrın 1-2-də isə Qarabağda Anım Gününə həsr olunmuş idman turniri keçiriləcək.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Azərbaycan Triatlon Federasiyası arasında anlaşma memorandumu imzalanıb. Memorandum çərçivəsində Agentliyin əməkdaşları federasiyanın dəstəyi ilə triatlonla məşğul olacaq və onlar üçün müxtəlif formatlı korporativ idman yarışları təşkil ediləcək.

Konfransda, həmçinin 2022-ci ildə nəzərdə tutulmuş yarışlar və müxtəlif tədbirlər haqqında məlumat verilib.

Tədbirdə federasiyanın rəhbərliyi, idmançılar, məşqçilər, eləcə də ölkənin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konfransda federasiyanın rəsmi veb-saytının təqdimatı keçirilib, idmançılar mükafatlandırılıb.

Xəbər 289 dəfə oxundu.