Azərbaycanın iki güləşçisi İstanbulda beynəlxalq turnirin finalına yüksəlib
Fevralın 24-də İstanbulda güləş üzrə Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplan reytinq turniri start götürüb.

İlk yarış günündə yunan-Roma güləşi üzrə 55, 60, 63, 67, 87, 97 və 130 kiloqram çəki dərəcələrində mübarizə davam edir.

Turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış edən Eldəniz Əzizli özbəkistanlı Firuz Tuxtayevə qalib gəlsə də, yerli idmançı Ekrem Öztürkə məğlub olub. Təmsilçimiz bürünc medal uğrunda görüşdə Qyanender Qyanender (Hindistan) ilə qarşılaşacaq.

Güləşçimiz Taleh Məmmədov (63 kq) ilk görüşdə İslamcan Bəhramova (Özbəkistan) məğlub olub. Təmsilçimiz təsəlliverici görüşdə türkiyəli Rahman Biliciyə qalib gələrək bürünc medal uğrunda güləşmək hüququ qazanıb. İdmançımızın rəqibi Dastan Kadırov (Qırğızıstan) olacaq.

Milli komandamızın üzvü İslam Abbasov (87 kq) özbəkistanlı Nurbek Xaşimbekov, Umut Davudov (Qazaxıstan) və yerli güləşçi Ali Cengizi məğlub edərək finala adlayıb. Həlledici görüşdə təmsilçimiz gürcüstanlı Zurabi Datunaşvili ilə üz-üzə gələcək.

Turnirdə 130 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Beka Kandelaki ilk görüşdə yunanıstanlı Nikolaos Ntuniasdən üstün olub. Daha sonra polşalı Rafal Andrey Krayevski və Rza Kayaalpa (Türkiyə) qalib gələrək finala yüksəlib. Təmsilçimiz qızıl medal uğrunda görüşdə Osman Yıldırım (Türkiyə) ilə qarşılaşacaq.

Qeyd edək ki, bu çəki dərəcələrində medallar uğrunda görüşlər Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xəbər 288 dəfə oxundu.