İdman federasiyaları üçün antidopinq məsələləri ilə bağlı seminar başlayıb
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə idman federasiyaları üçün antidopinq seminarı başlayıb.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən seminara federasiyanın məşqçi-müəllimləri və hakimləri qatılıblar.

Seminarı giriş sözü ilə açan Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov və AMADA-nın direktor müavini Elnarə Rəsulzadə antidopinqin idman ictimaiyyəti üçün əhəmiyyətindən danışıblar.

AMADA-nın hüquq şöbəsinin rəhbəri Fərhad Abasov antidopinqə aid hüquqi məsələlər haqqında təqdimatla çıxış edib. Təqdimat zamanı antidopinq qayda pozuntuları, ümumdünya antidopinq proqramı və Məcəlləsi haqqında ətraflı məlumat verilib.

Qadağan edilmiş siyahı, terapevtik istifadə üçün istisnalar və dopinq nəzarəti prosesi haqqında təqdimatlardan sonra tədbir iştirakçıları dopinq nəzarəti prosesi haqqında animasiyalı videonu maraqla izləyiblər.

Tədbir sual-cavab sessiyası ilə davam edib.

Seminara bu gün yekun vurulacaq.

Xəbər 272 dəfə oxundu.