"Neftçi" klubu MOİK-ə, "Murov" isə "Ekspress"ə qalib gəlib
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ikinci dövrənin növbəti oyunları keçirilib.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutan çempionatın yeddinci turuna “Neftçi”-MOİK matçı ilə start verilib.

Birinci dövrədə MOİK klubuna məğlub olan “Neftçi” ikinci görüşdə revanş alıb. İlk hissədə 25:13 hesabı ilə qalib gələn Pərviz Səmədovun komandası növbəti setlərdə də rəqibindən səhvsiz oynayaraq qarşılaşmanın hesabını rəsmiləşdirib - 3:0 (25:13, 25:14, 25:16).
Günün ikinci qarşılaşması “Ekspress” və “Murov” komandaları arasında olub. “Murov” bu görüşü 3:0 (25:19, 25:18, 25:12) hesabı ilə qalib gələrək turnir cədvəlində liderliyə yüksəlib.
Beləliklə, bu turdan sonra “Murov”un 14, “Neftçi”nin 13, MOİK-in 12, “Ekspress”in isə 3 xalı olduğu halda, yeddinci turda istirahət edən “Sərhədçi” komandası xalsızdır.

Xəbər 296 dəfə oxundu.