Qurban Qurbanov: İnanıram ki, futbolçular özlərini daha yaxşı göstərməyə çalışacaqlar
İnanıram ki, sabahkı oyunda futbolçular özlərini daha yaxşı göstərməyə çalışacaqlar. Bunu onlardan tələb edəcəyəm. Azarkeşlərimizi sevindirməyə çalışacağıq. Azarkeşlərimiz də çox istəklidirlər. Bizə inandıqlarına görə onlara təşəkkür edirik.

Bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda Fransanın “Marsel” komandasına qarşı keçirəcəkləri cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Rəqib komandanın təcrübəli baş məşqçisi və güclü futbolçuları olduğunu vurğulayan 50 yaşlı mütəxəssis deyib: “Marsel”in oyunlarını analiz etmişik. Səfərdəki oyunda rəqibi daha yaxından tanıdıq. “Marsel”in Bakıya səfərdən əvvəl Liqa 1-də “Klermon”a evdə 0:2 hesabı ilə uduzması “Qarabağ”ın əleyhinə işləyə bilər. Rəqib çempionat oyununda uduzub. Ona görə də istər-istəməz bizi ciddiyə alacaq. Bu amil bizə mane ola bilər. Amma futbolçularımın ən yaxşı oyunlarını göstərəcəklərinə inanıram”.

Son vaxtlar komandaya bir qədər fərqli yanaşdıqlarını deyən təcrübəli mütəxəssis daha irəli getmək və uğurlar qazanmaq üçün əsasən yaradıcı və hücum futbolu sərgiləməyin önəmini diqqətə çatdıraraq bildirib: “Bunu həddindən artıq tətbiq etməyə başlamışıq. Futbolçularda özünəinam olmalı və psixologiya dəyişməlidir. Hər matçda qol vurmaq üçün meydana çıxırıq. Bu, çox da asan deyil. Bizim və Azərbaycan futbolu üçün ən çətin yoldur. Amma qarşımıza məqsəd qoymuşuq. Rəqibin kimliyindən asılı olmayaraq, böyük risklər edəcək və güclü komandanın qarşısına çıxacağıq. Buna baxmayaraq, qol və ya qollar vurmaq üçün özümüzü hazırlayırıq. Hər halda mən çox istəyirəm ki, azarkeşlərin futbola inamı geri qayıtsın. Onlar futbolu çox sevirlər və komandanın uğur qazanmasını istəyirlər. Biz mübariz futbol sərgiləməliyik. Sabah meydana qol və qollar vurmaq, həmçinin qol buraxmamaq üçün çıxacağıq. Biz bu yolu tutub getmişik, qarşımızda “Marsel” yox, digər komanda da olsa idi, irəli getməyi hədəfləyəcəkdik”.

Q.Qurbanov ilk oyunda səhvləri ilə diqqət çəkən Luka Quqeşaşvi ilə bağlı danışarkən deyib: “Futbolçuların səhvini açıq şəkildə müzakirə etməyi xoşlamıram. Quqeşaşvilinin üstün cəhəti onun soyuqqanlı olmasıdır. Texniki səhvlərdən heç kim sığortalanmayıb. Avropada da bunları görürük. Biz nadir hallarda belə oyunlara çıxdığımız üçün bu cür səhvlər qlobal problemə çevrilir. Onunla söhbətimiz olub. Futbolçu, idmançı inkişaf etmək istəyirsə, bütün turnirlərdə iştirak etməlidir. Lukanın potensialı var. Elə qurtarışları olub ki, alqışa layiqdir. Bu cür səhvləri daha çox məşq etməklə aradan qaldırmaq olar. Özü də qələbədə pay sahibi olmaq istəyir. İnanıram ki, tezliklə belə səhvlər aradan qaldırılacaq.

Baş məşqçi Bakıdakı matçlarla avrokubok görüşləri arasında sürət fərqinin böyük olduğunu diqqətə çatdırıb: “Belə komandalara qol vurmaq asan deyil. Onların müdafiəçilərinin epizoda daha tez müdaxilə etmələri hücumçularımıza mane olur. Həmişə qapıçıların da oyununu qiymətləndirirəm. Bəzən bu səviyyədə futbolçular daha tez düşünməlidir. Qolların sayını artırmaq üçün oyunçular daha dinamik görüşlər keçirməlidirlər”.

Zədə səbəbindən ilk matçı buraxmalı olan Abbas Hüseynovun hazırkı vəziyyətindən danışan Q.Qurbanov bildirib: “Bir neçə mövqe var ki, bu barədə tam qərar verməmişəm. Abbas Hüseynov qışdan sonra koronavirusa yoluxmuşdu və komandaya gec qoşulmuşdu. Hazırda durumu pis deyil. Heyətdə çox dəyişiklik etməyi xoşlamıram. Bir-iki dəyişiklik edə bilərəm. Fransadakı çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Həmişə oyunçulara güvənirəm. Onlar hansı komandada çıxış etdiklərini dərk edirlər”.

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq.

Fransadakı ilk oyunda “Qarabağ” 1:3 hesabı ilə uduzub.

Xəbər 533 dəfə oxundu.