Azərbaycanın 6 gimnastika hakimi beynəlxalq kateqoriyaya yiyələnib
Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən 2022-2024-cü illəri əhatə edən növbəti Olimpiya dövrünün müvafiq qaydalarına əsasən, kişi idman gimnastikası üzrə hakimlik imtahanları keçirilib.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar onlayn qaydada keçirilən imtahanlarda kişi idman gimnastikası üzrə 6 Azərbaycan təmsilçisi də iştirak edib.
Təmsilçilərimizin hər biri imtahanı müvəffəqiyyətlə başa vuraraq beynəlxalq hakimlik kateqoriyasına yiyələniblər.

Qeyd edək ki, FIG qaydalarına əsasən, hər Olimpiya Oyunlarından sonrakı yeni Olimpiya dövründə gimnastika idman növləri üzrə qaydalara dəyişikliklər edildiyi üçün hakimlər sahib olduqları hakimlik kateqoriyasını hər dördildənbir təsdiqləməli və ya daha yüksək dərəcə almalıdırlar.
Xatırladaq ki, indiyədək beynəlxalq hakimlik kateqoriyasına yiyələnmək üçün hakimlər əvvəlcə FIG-nin təşkil etdiyi hakimlik kurslarında iştirak edir, daha sonra imtahan verirdilər.
Beynəlxalq federasiya tərəfindən bu il COVID-19 pandemiyası ilə əlaqədar olaraq imtahanların kurslar olmadan onlayn qaydada keçirilməsinə qərar verilib.

Xəbər 286 dəfə oxundu.