Londonun Olimpiya stadionunda XIV Paralimpiya Yay Oyunlarının açılış mərasimi keçirilib
Londonun Olimpiya stadionunda XIV Paralimpiya Yay Oyunlarının açılış mərasimi keçirilib. Təşkilatçıların “Maarif” adı verdikləri şouda 3000-dən çox könüllü və 100-dək peşəkar aktyor iştirak edib.

Mərasimi əlil arabasında olan professor Stiven Hokinq açıb. O Kainatın yaranmasını başa düşmək cəhdlərinə aid qısa çıxış edib. XXX Olimpiya Yay Oyunlarında olduğu kimi Paralimpiadanın açılışına da Böyük Britaniya kraliçası II Yelizaveta qatılıb. Ondan əlavə, mərasimdə şahzadə Uilyam və xanımı Keyt Middlton, Britaniyanın baş naziri Devid Kemeron Londonun meri Boris Conson iştirak ediblər.

Yığmamız Londonda 6 idman növündə 21 paralimpiyaçı ilə iştirak edir. Rəsmi paradda milli komandamızın bayraqdarı 2 qat paralimpiya çempionu İlham Zəkiyev olub.

Paralimpiada sentyabrın 9-dək davam edəcək. Yarışlarda 165 ölkədən 4,2 min atlet iştirak edəcək. Onlar 20 idman növündə 503 medal dəsti uğrunda yarışacaqlar. İlk dəfə olaraq yarışda Şimali Koreya idmançıları çıxış edəcəklər. Yarışları 4 milyard insanın izləməsi gözlənilir.

Qeyd edək ki, ilk Paralimpiya oyunları 1960-cı ildə Romada keçirilib.

Xəbər 870 dəfə oxundu.