Hikaru Nakamura “FIDE Grand Prix 2022” seriyasının birinci mərhələsinin qalibi olub
Almaniyanın paytaxtı Berlində keçirilən "FIDE Grand Prix 2022" seriyasının birinci mərhələsinə yekun vurulub.

Mərhələ yarışı pandemiya səbəbindən 2019-cu ildən heç bir rəsmi turnirdə iştirak etməyən amerikalı Hikaru Nakamuranın parlaq qələbəsi ilə nəticələnib. Belə ki, finalda şahmatçı ABŞ-ı təmsil edən Levon Aronyanı məğlub etməklə aktivinə 13 xal yazdıraraq turnirin qalibi olub.

Qeyd edək ki, cəmi üç mərhələdən ibarət olacaq seriyada ümumilikdə 24 şahmatçı mübarizə aparır. Hər mərhələdə 16 şahmatçı iştirak edir. Hər bir şahmatçı seriyanın maksimum iki turnirində iştirak edə bilər. Seriyadakı yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov ikinci və üçüncü mərhələlərdə mübarizə aparacaq. İkinci mərhələ Serbiyanın paytaxtı Belqradda fevralın 28-dən martın 14-dək, üçüncü mərhələ isə martın 21-dən aprelin 4-dək Berlində baş tutacaq. Qeyd edək ki, üç turnirin nəticələrinə əsasən, ilk iki yeri tutan şahmatçı iyun ayında İspaniyanın paytaxtı Madriddə keçiriləcək iddiaçılar turnirinə vəsiqə qazanacaq.

Xəbər 260 dəfə oxundu.