Azərbaycan komandası Karate1 Premyer Liqa yarışında iştirak edəcək
Karate üzrə Azərbaycan komandası fevralın 18-20-də Birləşmiş Ərəb Əmirliklərinin Fujeyra şəhərində keçiriləcək Karate1 Premyer Liqa seriyasından yarışda iştirak edəcək.

Millinin heyətində 9 idmançı yer alıb. Belə ki, kişilərin yarışında Əminağa Quliyev, Sultan Hüseynov (60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov (67 kq), Turqut Həsənov, Pənah Abdullayev (84 kq), Asiman Qurbanlı (+84 kq), qadınların turnirində isə İrina Zaretska (68 kq) mübarizə aparacaqlar. Kata üzrə isə ölkəmizi Roman Heydərov təmsil edəcək.

Beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov, Anar Allahverdiyev və Rənad Əliyev Premyer Liqanı idarə edəcək hakimlər sırasında yer alıblar. R.Əliyev, həmçinin dərəcəsini yüksəltmək üçün Dünya Karate Federasiyasının (WKF) Hakimlər komitəsinə imtahanlara qatılıb.

Qeyd edək ki, Karate1 Premyer Liqa turnirləri bu mövsümdən başlayaraq bir sıra dəyişikliklərlə keçirilir. Yarışa, əsasən dünya reytinqində ilk 32 yeri tutan idmançılar qatılır. Qeydiyyat sifarişi limitləri dolmazsa, reytinqin növbəti pillələrində olan daha 32 karateçi yarışda iştirak edə bilər.

Yarış formatında da dəyişikliklər edilib. Kumite yarışlarında hər çəki dərəcəsində 8 qrupa bölünən 4 idmançı dairəvi sistemlə yarışacaq. Qruplardan iki nəfər növbəti mərhələyə çıxacaq. Sonra isə fərqlənən idmançılar mübarizəni davam etdirəcəklər. Yarımfinalda məğlub olanlar bürünc medala sahib olacaqlar. Komanda kata yarışları Premyer Liqa turnirlərinin proqramından çıxarılıb.

Turnirdə 55 ölkədən 342 idmançı iştirak edəcək.

Xəbər 571 dəfə oxundu.