Dopinq əleyhinə mübarizə mövzusunda müzakirələr aparılıb
Fevralın 14-də Gənclər və İdman Nazirliyində Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbərliyi və mütəxəssisləri ilə görüş keçirilib.

Nazirliyin idman şöbəsinin əməkdaşlarının iştirakı ilə təşkil edilən görüşdə dopinq əleyhinə mübarizə mövzusunda müzakirələr aparılıb.

İdman şöbəsinin müdiri Elnur Məmmədov çıxış edərək bu günlərdə Pekin Qış Olimpiya Oyunlarında baş verənlərin dopinq probleminin bütün dünya üçün aktuallığını qoruduğunu və bu baxımdan belə görüşlərin əhəmiyyətini qeyd edib. Bu səbəbdən nazirliyin, federasiyaların və AMADA-nın bu sahədə birgə fəaliyyətinin vacibliyini vurğulayıb.

AMADA-nın direktoru Şəfəq Hüseynli idmanda dopinq nəzarətinin əhəmiyyəti, təmiz idman dəyərlərinin və ədalətli idman mühitinin qorunmasının vacibliyi, idman qurumları arasında əməkdaşlığın genişləndirilməsi, bu cür görüşlərin mütəmadi keçirilməsinin əhəmiyyətini qeyd edib. Agentliyin direktor müavini Elnarə Rəsulzadə milli test proqramının formalaşması, risklərin hesablanması, həmçinin idman qurumları ilə məlumat mübadiləsinin əhəmiyyəti barədə məlumat verib.

Qurumun hüquq şöbəsinin müdiri Fərhad Abasov antidopinq qayda pozuntuları haqqında məlumat verərək, bu pozuntuların hüquqi nəticələri və antidopinq icraatlarında hüquqi prosedurlar barədə yenilikləri diqqətə çatdırıb. Təhsil şöbəsinin müdiri Lalə Hacıyeva antidopinq maarifləndirməsinin səmərəliliyinin artırılması yolları, test şöbəsinin müdiri Kəmalə Babayeva isə idmançıların testlərə cəlb olunması zamanı davranışları, diqqət yetirilməli məqamlar, milli test proqramına cəlb edilən idmançıların təcrübə qazanmasının əhəmiyyəti barədə məlumat verib.

Nazirliyin iqtisadiyyat şöbəsinin müdiri Mehman Ramazanov və gənclərlə iş şöbəsinin baş məsləhətçisi Fidan Rüstəmlinin də iştirak etdikləri görüşdə qarşılıqlı məlumat mübadiləsi aparılıb və mövcud problemlər müzakirə olunub.

Xəbər 476 dəfə oxundu.