“Airthigs Masters” turnirində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun rəqibləri müəyyənləşib
“Champions Chess Tour”un ilk mərhələsi olan “Airthigs Masters” turnirində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun rəqibləri müəyyənləşib.

Fevralın 19-da start götürəcək yarışın ilk turunda Ş.Məmmədyarov rusiyalı şahmatçı Andrey Yesipenko ilə mübarizə aparacaq. Hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen ilə isə şahmatçımız fevralın 22-də keçiriləcək 14-cü turda qarşılaşacaq.

Yarışda dünyanın ən güclü şahmatçıları ilə yanaşı, gənc istedadlar da güclərini sınayacaqlar. Belə ki, 2021-ci ildə rapid üzrə dünya birinciliyində Maqnus Karlsen, rusiyalı qrosmeyster Yan Nepomnyaşi, ABŞ təmsilçisi Fabiano Karuananı məğlub etməklə bu nüfuzlu yarışın qalibi olan 17 yaşlı özbəkistanlı Nodirbek Abdusattorov da yer alıb. Eyni zamanda, turnirdə 16 yaşlı hindistanlı Rameşbabu Praqqnanandaa və digər gənc şahmatçılar da mübarizə aparacaqlar. Ş.Məmmədyarov R.Praqqnanandaa ilə 6-cı, N.Abdusattorov ilə isə 15-ci – son turda oynayacaq.

Ötən il keçirilən analoji turnirin ən yaddaqalan hadisələrindən biri Teymur Rəcəbovun finalda ermənistanlı şahmatçı Levon Aronyan üzərində parlaq qələbə qazanmaqla qalib olması olub. Digər maraqlı hadisə isə rusiyalı şahmatçı Daniil Dubovun Maqnus Karlseni dörddəbir finalda yarışdan kənarlaşdırması idi.

Yarışın ilkin mərhələsi dairəvi sistemlə keçiriləcək və 16 oyunçudan yalnız 8-i pley-offa yüksələcək. Turnir fevralın 26-dək davam edəcək.

Xəbər 269 dəfə oxundu.