“Pekin-2022”nin buz üstündə rəqs yarışının qalibi fransalı cütlük olub
Fransalı cütlük – Qabriella Papadakis və Qiyom Sizeron “Pekin-2022” Qış Olimpiya Oyunlarında fiqurlu konkisürənlərin buz üstündə rəqs yarışının qalibi olublar.

Fevralın 14-də cütlüklər sərbəst proqramı üzrə yarışıblar. Hakimlər fransalı cütlüyün çıxışını 136,15 xalla qiymətləndiriblər. Cütlük fevralın 12-də keçirilmiş ritm-rəqs proqramında da 90,83 xalla birinci olmuşdular. Beləliklə, fransalı cütlük 2 proqramın cəmində 226,98 xalla qalib olublar. İkinci yeri Rusiya Olimpiya Komitəsinin cütlüyü Viktoriya Sinitsina və Nikita Kasalapov (220,51 xal), üçüncü yeri isə ABŞ-dan olan cütlük Medison Habbel və Zahari Donohyu (218,02 xal) tutub.

Medal sıralamasında 9 qızıl, 5 gümüş və 7 bürünc medalla Norveç komandası birinci yerdə qərarlaşıb. İkinci yeri Almaniya (8-5-1), üçüncü yeri isə ABŞ komandası (7-6-2) tutur.

Azərbaycan Qış Olimpiadasında iki idmançı ilə təmsil olunur. Bunlar fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabovadır. V.Litvintsev “Pekin-2022”də artıq çıxışını başa vurub və 18-ci olub. Y.Ryabova isə fevralın 15-də və 17-də buz üzərinə çıxacaq.

“Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən ümumilikdə 2800-dən çox idmançı mübarizə aparır. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda qüvvələrini sınayırlar. İndiyədək 24 ölkənin idmançıları 67 dəst medal qazanıblar.

Pekin Qış Olimpiya Oyunları fevralın 20-də başa çatacaq.

Xəbər 572 dəfə oxundu.