Milli Gimnastika Arenasında kişi batutçuların fərdi yarışında finalçılar müəyyənləşib
Milli Gimnastika Arenasında keçirilən dünya kuboku turnirində kişi batutçuların fərdi yarışında finalçılar müəyyənləşib.

İkinci təsnifat mərhələsində uğurla çıxış edən Belarus təmsilçiləri İvan Litvinoviç, Andrey Buylov, rusiyalı Kirill Kozlov, Portuqaliya gimnastları Dioqo Abreu, Pedro Ferreyra, Qazaxıstan idmançısı Danil Musabaev, ABŞ gimnastı Kodo Gesuelli və türkiyəli Gürkan Mutlu finala vəsiqə qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk beynəlxalq turnirdə dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yeni qaydalarına uyğun keçirilir.

Bu gün başa çatacaq yarışın nəticələrinə əsasən, kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.

Xəbər 286 dəfə oxundu.