Hüseyn Əliyev UFC ilə müqavilə imzalayan ilk azərbaycanlı döyüşçü ola bilər
Hüseyn Əliyev UFC ilə müqavilə imzalayan ilk azərbaycanlı döyüşçü ola bilər.

30 yaşlı azərbaycanlı idman ustası, 13-4 peşəkar döyüş tarixçəsinə sahib Hüseyn Əliyev Texas ştatının Hyuston şəhərində "Humble Civic Center" arenasında keçirilən "Fury FC 57 - UFC Fight Pass" yarışında döyüşə çıxıb.

O, 65 kiloqram çəki dərəcəsində Andres Quintanaya (19-4) qarşı müvəqqəti çempionluq kəməri uğrunda döyüşün 5 raundunun nəticəsində hakimlərin yekdil qərarı ilə (49-46, 49-46, 50-44) qalib elan edilib.

Qeyd edək ki, Hüseyn Əliyev döyüşöncəsi hazırlığı dünyaca məşhur "American Kickboxing Academy" (AKA) zalında keçirib. Hazırlıq müddətində o, Həbib Nurmaqomedov, İslam Maxaçev və digər MMA ulduzları ilə birgə məşq edib. Döyüşdən əvvəl "AKA" qurucusu və baş məşqçisi Xavyer Mendez və MMA ulduzu Həbib Nurmaqomedov Hüseyn barədə müsbət fikirlərini bildiriblər.

“Fury FC” peşəkar MMA liqasıdır. UFC şirkəti ilə əməkdaşlıq çərçivəsində turnirin qaliblərinin “UFC Fight Pass” yolu ilə əsas liqaya düşmək şansı var. Döyüşdən bir gün əvvəl “UFC Fight Pass” şirkəti instaqram sosial şəbəkəsində Hüseyn Əliyevi izləməyə başlayıb. Bu da dünyanın 1 nömrəli MMA döyüş şirkətinin həmyerlimizə olan yüksək marağını əks etdirir.

Xəbər 394 dəfə oxundu.