Şose velosipedi üzrə Azərbaycan kuboku yarışının birinci mərhələsi keçirilir
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) yeni yarış mövsümünə start verib.

İştirakçılar şose velosipedi üzrə Azərbaycan kuboku yarışının birinci mərhələsində mübarizə aparırlar.

Yarışda müxtəlif klub və cəmiyyətlərin üç yaş kateqoriyası üzrə 50 idmançısı iştirak edir.

Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev mətbuat nümayəndələrinə müsahibəsində bildirib ki, təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan gənclərə qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Mən dünyada elə bir ölkə tanımıram ki, orada gənclərə bizdə olduğu kimi diqqət və qayğı göstərilsin. Bugünkü tədbirimiz sadəcə yarış deyil. Bizim gənclərimiz yeni qələbələrə imza atmağa hazırlaşırlar”, – deyən federasiya prezidenti gənclərimizin sağlam olması və idmanda böyük nailiyyətlər qazanması üçün çalışdıqlarını vurğulayıb.

Yarışın birinci günündə velosipedçilər 14 kilometr məsafəyə fərdi ötüşmə növündə mübarizə aparıblar. 17 yaşadək idmançılar arasında keçirilən yarışda Respublika Olimpiya Velosiped Məktəbinin üzvləri Radha Şabanova və Tamerlan Vitovski ən yaxşı göstərici ilə bütün rəqiblərini qabaqlayıblar. Bu məktəbin digər təmsilçiləri Diana Sidorenko və Kamran Mirzəxanov gənclər arasında birinci yerə layiq görülüb. U23 və elit yaş kateqoriyasında isə 7 saylı Olimpiya Velosiped Məktəbinin üzvü Lalə Əbdürrəhmanova və Müdafiə Sənayesi Nazirliyinin velosiped idman klubunun nümayəndəsi Musa Mikayılzadə hamıdan yaxşı nəticə göstərib.

Azərbaycan kubokunun birinci mərhələsinin ikinci yarış günündə velosipedçilər qrup ötüşməsində mübarizə aparacaqlar.

Xəbər 556 dəfə oxundu.