Azərbaycan Boks Federasiyasının yeni idarə heyətinin ilk iclası keçirilib
Fevralın 12-də Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayevin sədrliyi ilə qurumun idarə heyətinin ilk iclası keçirilib.

Tədbirdə qarşıda duran prioritet məsələlər müzakirə edilib.
Federasiya prezidenti qurumun fəaliyyəti, ölkəmizdə boksun daha da inkişafı üçün konsepsiyanın hazırlanması ilə bağlı tapşırıqlar verib. Sahil Babayev boks idmanın Azərbaycandakı coğrafiyasının genişləndirilməsinin vacibliyini önə çəkib. O vurğulayıb ki, boksun kütləviliyini təmin etmək və maddi-texniki bazanın gücləndirilməsi əsas amillərdən biridir. Federasiya prezidenti məşqçilərə, boksçulara, hakimlərə, həmçinin idmançıların sağlamlığına cavabdeh olan tibb işçilərinə xüsusi diqqətin ayrılması ilə bağlı göstərişlər verib.

Sahil Babayev idarə heyəti ilə bu il keçiriləcək həm ölkədaxili, həm də beynəlxalq yarışlarla bağlı fikir mübadiləsi aparıb. O qeyd edib ki, ilin sonunadək keçiriləcək turnirlərdə Azərbaycana medallar qazandırmaq qısa müddətli plana daxildir. Orta müddətli hədəfin Paris Yay Olimpiya Oyunları olduğunu vurğulayan federasiya prezidenti

dördilliyin ən möhtəşəm yarışında fəxri kürsüyə yüksəlməyin əsas məqsəd olduğunu deyib və idarə heyətinə uzunmüddətli planı açıqlayıb. Vurğulanıb ki, hədəf yeni gənc boksçu nəslinin yetişdirilməsi və bu idman növünün hər bir rayonda inkişafına nail olmaqdır. Bunun üçün seçimlər həyata keçirilməli və federasiyada bu məsələlərlə bağlı şöbələr yaradılmalıdır.

ABF-in vitse-prezidenti Vüsal Nəsirli, idarə heyətinin üzvləri Fuad Hacıyev və Rövşən Hüseynov konsepsiya ilə bağlı təkliflərini veriblər.

Xəbər 536 dəfə oxundu.