Norveç təmsilçisi Pekin Olimpiadasında tramplindən xizəklə tullanma yarışında qızıl medal qazanıb
Norveç təmsilçisi Marius Lindvik Pekin Olimpiadasında tramplindən xizəklə tullanma üzrə qızıl medal qazanıb.

M.Lindvik iki tullanmanın cəmində 296,1 xal toplayıb. İkinci yeri yaponiyalı Ryoyu Kobayaşi (292,8), üçüncü yeri isə Almaniya təmsilçisi Karl Qeyqer (281,3) tutub.

İyirmi üç yaşlı M.Lindvik karyerasında ilk Olimpiya medalına sahib olub.

Medal sıralamasına səkkiz qızıl, üç gümüş və altı bürünc medalla Norveç komandası başçılıq edir. İkinci yerdə Almaniya komandası (7-5-1) qərarlaşıb. ABŞ komandası üçüncü sırada yer alıb (5-5-1).
Azərbaycan Qış Olimpiadasında iki idmançı ilə təmsil olunur. Bunlar fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabovadır. V.Litvintsev “Pekin-2022”də çıxışını artıq başa vurub və 18-ci olub. Y.Ryabova isə fevralın 15-də və 17-də buz üzərinə çıxacaq.

“Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən ümumilikdə 2800-dən çox idmançı mübarizə aparır. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda qüvvələrini sınayırlar.
Pekin Qış Olimpiya Oyunları fevralın 20-də başa çatacaq.

Xəbər 586 dəfə oxundu.