Bakıda batut gimnastikası üzrə dünya kuboku yarışlarının açılış mərasimi keçirilib
Fevralın 12-də Bakıda batut gimnastikası üzrə dünya kuboku yarışlarının açılış mərasimi keçirilib.

Əvvəlcə komandaların paradı olub.

Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin üzvü, hazırkı yarışların texniki nümayəndəsi Tatyana Şuyska çıxış edərək yarışın yüksək səviyyədə hazırlanmasına görə yerli təşkilat komitəsinə təşəkkürünü bildirərək deyib: “Sevinc dolu parıldayan gözləri və gözəl gülüşləri görmək üçün burada olmağıma çox şadam. Bu gün mən Beynəlxalq Gimnastika Federasiyası (FIG) adından Bakıdakı bu heyrətamiz Milli Gimnastika Arenasında 2022-ci ildə batut gimnastikası üzrə dünya kubokunun bütün rəsmilərini, gimnastlarımızı və məşqçilərimizi salamlamaqdan məmnunam. Bizə yeni qoşulan Hindistan və İranı 13 iştirakçı ölkə arasında salamlamaq mənim üçün çox xoşdur”.

Yarışın hamı üçün əyləncəli və yaddaqalan olacağını vurğulayan T.Şuyska bütün iştirakçılara və dəstək olan hər kəsə uğurlar arzulayıb.

Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva açılış mərasimində çıxış edərək ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən uğurlu dövlət siyasətindən danışaraq deyib: “Əziz idmançılar sizi yenidən Bakıda salamlamağa şadam. Cəmi üç ay əvvəl Azərbaycan Gimnastika Federasiyası batut gimnastikası və tamblinq üzrə 35-ci dünya çempionatına və 28-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib. Gimnastikada batut və tamblinq növlərinin inkişafına, ümumilikdə idman sahəsinə göstərilən xüsusi diqqətə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. Şadam ki, pandemiyanın çətin günlərindən sonra yenidən bir yerə toplaşmışıq. Bu o deməkdir ki, idmanın ruhu və qələbə arzusu bütün çətinlikləri dəf etmək üçün bizə stimul verir. Bugünkü yarışda 14 ölkədən 63 idmançı iştirak edir. Gənclər və İdman Nazirliyi adından hamıya uğurlar, cansağlığı və yeni qələbələr arzulayıram”.

Nazir müavini yarışı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Batutçular iki gün ərzində Beynəlxalq Gimnastika Federasiyasının yeni qaydaları əsasında mübarizə aparacaqlar. Yarışların ilk günündə təsnifat mərhələsi, ikinci günündə isə kişilər arasında ikinci təsnifat və final mərhələləri (kişilər və qadınlar) təşkil olunacaq.
Qeyd edək ki, yeni Olimpiya dövründə batut gimnastikası üzrə yarışlarda təsnifat mərhələsində 31-dən çox iştirakçı olduqda ikinci təsnifat mərhələsi keçirilir.

Dünya kubokunun miqyası və iştirakçıların sayından asılı olaraq ikinci təsnifat mərhələsində müvafiq olaraq 16 və ya 24 iştirakçı yarışır.

Azərbaycanı bu yarışda yığma komandanın üzvü Selcan Mahsudova təmsil edəcək.

Xəbər 480 dəfə oxundu.