Boks üzrə gənclər arasında Azərbaycan birinciliyinin ilk yarış gününün qarşılaşmaları keçirilib
Fevralın 11-də boks üzrə gənclər arasında Azərbaycan birinciliyinə start verilib.

Respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 50 komandanın 176 idmançısının qatıldığı yarışın ilk günündə 25 döyüş baş tutub. Belə ki, 54, 57, 60, 63,5, 67 və 71 kiloqram çəki dərəcələrində ilkin qarşılaşmalar olub və növbəti mərhələyə vəsiqə qazanan boksçuların adları məlum olub.

Görüşləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, ABF-nin vitse-prezidenti Vüsal Nəsirli, federasiyanın idarə heyətinin üzvü Rövşən Hüseynov və müxtəlif yaş qrupları üzrə milli komandaların məşqçilər korpusu da izləyib.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən ölkə birinciliyinə fevralın 16-da yekun vurulacaq. Boks Mərkəzində təşkil olunan yarışın ikinci gününün görüşləri saat 14:00-da başlayacaq.

Xəbər 279 dəfə oxundu.