Azərbaycan Gimnastika Federasiyası tədris proqramına start verib
Azərbaycan Gimnastika Federasiyasının (AGF) İcra Komitəsinin qərarına əsasən məşqçilərin təsdiq edilmiş peşəkar hazırlığı üzrə tədris proqramına dair qaydalarına uyğun olaraq federasiyanın tədris saytı - www.tedris.agf.az/main istifadəyə verilib.

Azsport.az AGF-yə istinadla xəbər verir ki, bu sayt vasitəsilə məşqçilər gimnastika növləri (bədii gimnastika, kişi və qadın idman gimnastikası, batut gimnastikası, tamblinq, akrobatika və aerobika) üzrə məşqçilik kurslarında onlayn qaydada qeydiyyatdan keçərək tədris materialları ilə tanış ola, daha sonra imtahan verə bilərlər.
Tədris kursları 5 səviyyədən (ilk iki səviyyə başlanğıc, növbəti 3 səviyyə isə əsas kurslar) ibarətdir.

Qeyd edək ki, batut gimnastikası üzrə birinci səviyyə üçün (5-7 yaşlı gimnastlarla çalışan məşqçilər üçün) nəzərdə tutulan kursların onlayn hissəsinə aid tədris materialları artıq saytda əksini tapıb.
Bununla əlaqədar olaraq, ölkəmizdə fəaliyyət göstərən idman klubları və cəmiyyətlərində fəaliyyət göstərən məşqçilər batut gimnastikası üzrə bu səviyyəyə aid onlayn kurslardan qeydiyyatdan keçə bilərlər. Məşqçilər onlayn kursları və imtahanları uğurla başa vurduqdan sonra elektron qaydada dinləyici sertifikatı əldə edəcəklər.

Məşqçilik kurslarının nəzəri və təcrübi tədris hissəsi fevralın 15-17-də Beynəlxalq Gimnastika Federasiyasının batut gimnastikası üzrə Texniki Komitəsinin üzvü Dmitriy Poliaruş tərəfindən Milli Gimnastika Arenasında keçiriləcək.

Xəbər 517 dəfə oxundu.