Dünya və Avropa çempionatlarının mükafatçısı portuqaliyalı gimnast Azərbaycana gələcək
Portuqaliya millisinin fevralın 12-13-də Milli Gimnastika Arenasında keçiriləcək batut gimnastikası üzrə dünya kuboku yarışı üçün heyəti açıqlanıb.

Dünya kuboku yarışında Portuqaliyanı dünya və Avropa çempionatlarının mükafatçısı Dioqu Abreu və Pedro Ferreira təmsil edəcəklər.

Turnir Beynəlxalq Gimnastika Federasiyasının yeni qaydaları əsasında təşkil olunacaq. Yarışların ilk günü təsnifat mərhələsi, ikinci günü isə kişilər arasında ikinci təsnifat və final mərhələləri (kişilər və qadınlar) keçiriləcək.

Qeyd edək ki, yeni Olimpiya dövründə batut gimnastikası üzrə yarışlarda təsnifat mərhələsində 31-dən artıq iştirakçı olduqda ikinci təsnifat mərhələsi keçirilir. Yarışların miqyası və iştirakçıların sayından asılı olaraq ikinci təsnifatda müvafiq olaraq 16 və ya 24 iştirakçı olur.

Azərbaycanı bu yarışda yığma komandanın üzvü Selcan Mahsudova təmsil edəcək.

Yarışda 14 ölkədən 63 idmançının iştirakı gözlənilir.

Qeyd edək ki, batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə dünya kuboku yarışı Bakıda beşinci dəfə təşkil olunacaq.

İdmansevərlər batut ulduzlarının təqdimatında maraqlı mübarizəni “İdman TV” kanalı vasitəsilə canlı izləyə biləcəklər.

Yarışların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.

Xəbər 274 dəfə oxundu.