Avstriyalı idmançı Yohannes Strols Pekin Olimpiadasının dağ xizəyi yarışında birinci olub
Avstriyalı Yohannes Strols Pekin Olimpiadasında dağ xizəyinin kombinasiya (sürətli eniş və slalom) yarışlarında qızıl medal qazanıb.

İdmançı iki cəhddə 2 dəqiqə 31,43 saniyə nəticə göstərib. Ondan 0,59 saniyə geri qalan norveçli Aleksander Omodt Kilde gümüş medal qazanıb. Üçüncü yeri 0,68 saniyə fərqi ilə kanadalı Ceyms Krouford tutub.

İyirmi doqquz yaşlı Y.Strols karyerasında ilk dəfə Olimpiya medalı qazanıb. Onun atası Hubert Strols 1988-ci ildə Kalqari Olimpiadasında da kombinasiya yarışında Olimpiya çempionu olub.

Azərbaycan Qış Olimpiadasında iki idmançı ilə təmsil olunur. Bunlar fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabovadır. V.Litvintsev “Pekin-2022”də artıq çıxışını başa vurub və 18-ci olub. Y.Ryabova isə fevralın 15-də və 17-də buz üzərinə çıxacaq.

“Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən ümumilikdə 2800-dən çox idmançı mübarizə aparır. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda qüvvələrini sınayırlar.

Pekin Qış Olimpiya Oyunları fevralın 20-də başa çatacaq.

Xəbər 376 dəfə oxundu.