Slovakiyalı xizəkçi Petra Vlqova “Pekin-2022”də qızıl medal qazanıb
“Pekin-2022” Qış Olimpiya Oyunlarında qadınlar arasında dağ xizəkçiliyinin slalom yarışında slovakiyalı Petra Vlqova qızıl medal qazanıb.

İdmançı 1 dəqiqə 44,98 saniyəlik göstərici ilə bütün rəqiblərini qabaqlayıb.

İlk üçlükdə avstriyalı Katarina Linsberqer və İsveçrə idmançısı Vendi Holdener yer alıblar.

İkiqat Olimpiya çempionu, ABŞ idmançısı Mikaela Şiffrin mükafatçılar sırasında yer ala bilməyib.

Azərbaycan Qış Olimpiadasında iki idmançı ilə təmsil olunur. Bunlar fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabovadır. V.Litvintsev fevralın 8-də qısa proqramda 84,15 xalla 18-ci olub və ilk “24-lüy”ə düşməyi bacardığı üçün sərbəst proqramda iştirak hüququ qazanıb. İdmançımız sərbəst proqramda çıxışını fevralın 10-da təqdim edəcək. Y.Ryabova isə fevralın 15-də və 17-də buz üzərinə çıxacaq.

“Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən ümumilikdə 2800-dən çox idmançı mübarizə aparır. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda qüvvələrini sınayırlar.

Xəbər 352 dəfə oxundu.