Gənclər arasında güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi olub
Fevralın 8-də Bakı İdman Sarayında gənclər arasında güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov deyib: “Uzun müddətdir güləş yarışlarından uzaq qalmışdıq. Artıq hər şey tədricən yoluna düşür. Bu gün gənc idmançıların, gələcəyin çempionlarının yarışlarını izləyə bilirik. Çempionatın keçirilməsində əməyi olan Azərbaycan Güləş Federasiyasına və Təşkilat Komitəsinə təşəkkürümü bildirirəm. Bütün idmançılarımıza uğurlar arzulayıram”.

Federasiyanın vitse-prezidenti Namiq Əliyev pandemiya ilə əlaqədar uzun fasilədən sonra yarışın keçirilməsindən məmnunluğunu ifadə edib. “Martda 23 yaşadək güləşçilərin Avropa çempionatı keçiriləcək. Bu yarışda çempion olan güləşçilərin əksəriyyəti həmin qitə birinciliyində ölkəmizi təmsil edəcək. “Olimpiya Oyunlarına demək olar ki, iki il qalıb. Bu çempionatın qaliblərinin ölkəmizi “Paris-2024”də təmsil etmək şansları yüksəkdir. Bu səbəbdən gənclərin Azərbaycan çempionatının bizim üçün böyük əhəmiyyəti var”, - deyə N.Əliyev əlavə edib.

Federasiya rəsmisi yarışı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və mərasim başa çatıb.
Çempionatın birinci günündə yunan-Roma güləşi üzrə 55, 60, 63, 67, 72, 77 və 82 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Fevralın 9-da klassik güləşdə 87, 97 və 130, sərbəst güləşdə isə 57, 61, 65 və 70 kiloqram çəki dərəcələrində medalçıların adlarına aydınlıq gələcək. Yarışın sonuncu günündə - fevralın 10-da isə 74, 79, 86, 92, 97 və 125 kiloqram çəki dərəcələrində ölkənin ən güclü sərbəst güləşçiləri bəlli olacaq.

Xəbər 619 dəfə oxundu.