Ümumdünya Oyunları: Azərbaycan kikboksçusunun potensial rəqibləri müəyyənləşib
Ümumdünya Oyunlarında Azərbaycanı təmsil edəcək kikboksinq üzrə dünya çempionu Bəhram Rəcəbzadənin (91 kq) rəqibləri müəyyənləşib.

Ötən ilin oktyabrında İtaliyada keçirilmiş dünya çempionatında dörddəbir finala çıxmaqla bu mötəbər yarışa vəsiqə qazanmış “Altın Qurd” ləqəbli idmançımızın 7 potensial rəqibi var.

Azərbaycanı təmsil edəcək 30 yaşlı kikboksçumuzun rəqibləri son dünya çempionu Əsədulla Nəsibov (Rusiya), dünya ikincisi Anto Siriç (Xorvatiya), dünya üçüncüləri – Roman Şerbatyuk (Ukrayna) və Miroslav Vuyoviçdir (Monteneqro). Həmçinin, Ahmed Krnyiç (Bosniya və Herseqovina), Oskar İquera (Venesuela) və Pirkka Suksi (Finlandiya) də potensial rəqiblər arasındadır.

Kikboksinqin K-1 növü üzrə keçiriləcək yarış iyulun 10-15-də baş tutacaq. Turnirdə kişilər 63,5, 75, +91, qadınlar 52, 60, 70 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar.

Qeyd edək ki, 11-ci dəfə keçiriləcək Ümumdünya Oyunları iyul 7-17-də ABŞ-ın Birminqem şəhərində (Alabama ştatı) təşkil olunacaq. Yarış gimnastika (akrobatika, aerobika, bədii gimnastika, batutda tullanma), kamandan oxatma, çimərlik həndbolu, bilyard, boulinq, kanoe, ciu-citsu, karate, muay tay, pauerliftinq, sumo, uşu da daxil olmaqla 30 idman növü üzrə təşkil ediləcək.

Xəbər 567 dəfə oxundu.