Bu gün Afrika Millətlər Kubokunun qalibi müəyyənləşəcək
Fevralın 6-da futbol üzrə Afrika Millətlər Kubokunun final görüşü keçiriləcək.

Bakı vaxtı ilə saat 23:00-da start götürəcək görüşdə Seneqal millisi Misir seçməsi ilə üz-üzə gələcək.

Kamerunun “Ahmadu Axidjo” stadionunda baş tutacaq qarşılşamanı Cənubi afrikalı referi Viktor Miqel de Freytas Qomes idarə edəcək.
Seneqal millisi qrup mərhələsində Qvineya, Malavi və Zimbabve ilə qarşılaşıb və qrup lideri kimi səkkizdəbir finala vəsiqə qazanıb.
Pley-offda seneqallılar Ekvatorial Qvineya və Burkina-Faso milliləri üzərində 3:1, Kabo-Verde yığmasına isə 2:0 hesabı ilə qalib gələrək finala yüksəliblər.

Misir millisi öz növbəsində qrup mərhələsində Nigeriya, Sudan və Qvineya-Bisau yığmaları ilə qarşılaşıb. Məhəmməd Salahın komandası pley-offa qrup ikincisi kimi adlayıb.

Pley-off mərhələsində Kot-d`İvuar, Mərakeş və meydan sahibi Kamerun yığmasını mübarizədən kənarlaşdıran Misir həlledici görüşə vəsiqə qazanıb.

İngiltərənin "Liverpul" klubunun futbolçuları Sadio Mane ilə Məhəmməd Salah qarşıdurması final oyununa əlavə rəng qatacaq.
Bundan başqa, bu komandalar "DÇ-2022"nin seçmə mərhələsində üz-üzə gələcəklər. Ona görə də bu rəqiblər arasında matç son dərəcə gərgin mübarizə vəd edir.

Turnirin bürünc medallar uğrunda mübarizədə Burkina-Faso və Kamerun yığmaları üz-üzə gəlib. İlk yarıda iki qol vuran Burkina-Faso millisi 49-cu dəqiqədə hesabı daha da artırıb. Lakin meydan sahibləri ruhdan düşməyiblər. Matçın sonlarında ardıcıl üç qol vuran Kamerun futbolçuları məğlubiyyətdən xilas olublar. Matçın taleyini isə penaltilər seriyası həll edib. On bir metrlik zərbələrdə daha dəqiq olan (5:3) “Ramedilməz şirlər” turnirin bürünc medallarını qazanıblar.

Xəbər 305 dəfə oxundu.