Azərbaycan Premyer Liqasında XV turun oyunları üçün hakim təyinatları açıqlanıb
Fevralın 6-da futbol üzrə Azərbaycan Premyer Liqasının XV turun oyunları üçün hakim təyinatları açıqlanıb.

Azsport.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, iki günü əhatə edəcək tura fevralın 7-də "ASK Arena"da keçiriləcək “Keşlə” – “Zirə” oyunu ilə start veriləcək. İnqilab Məmmədovun idarə edəcəyi qarşılaşma saat 16:00-da start götürəcək.

Günün ikinci görüşü saat 19:00-da başlayacaq. “Neftçi” – “Qarabağ” matçının baş hakimi Kamal Umudlu olacaq. Qarşılaşma “Bakcell Arena”da oynanılacaq.

Fevralın 8-də keçiriləcək iki qarşılaşma ilə tura yekun vurulacaq. İlk oyunda “Bank Respublika Arena"da “Sabah” klubu “Qəbələ” komandasını qəbul edəcək. Saat 17:00-da start götürəcək görüşdə baş hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Turun son görüşü “Səbail”lə “Sumqayıt” arasında olacaq. Rəvan Həmzəzadənin idarə edəcəyi qarşılaşma saat 19:15-də start götürəcək.

Turun görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
On dörd turdan sonra turnir cədvəlinə 33 xalla “Qarabağ” klubu başçılıq edir. İyirmi altı xal toplayan “Qəbələ” ikinci, 22 xalı olan “Neftçi” və “Zirə” klubları isə 3-4-cü yerləri bölüşürlər. Digər pillələrdə müvafiq olaraq “Sabah” (17), “Keşlə” (14), “Sumqayıt” (12) və “Səbail” (10) klubları qərarlaşıblar.

Xəbər 291 dəfə oxundu.