Futzal üzrə Rusiya və Portuqaliya yığmaları Avropa çempionatının finalına yüksəliblər
Niderlandda keçirilən futzal üzrə Avropa çempionatında finalçılar müəyyənləşib.

Həlledici qarşılaşmada Rusiya və Portuqaliya milli komandaları üz-üzə gələcək.

Yarımfinalda Rusiya Ukraynanı, Portuqaliya isə İspaniyanı eyni hesabla məğlub edib - 3:2.

Rusiya millisi yeddinci, Portuqaliya seçməsi isə üçüncü dəfə Avropa çempionatlarının finalına yüksəlib. Hər iki komanda 1 dəfə çempionluq sevinci yaşayıb. Belə ki, Rusiya millisi 1999-cu, Portuqaliya isə 2018-ci ildə Avropanın ən güclü komandası olub.
Final matçı oktyabrın 6-da Bakı vaxtı ilə saat 20:30-da başlanacaq. Ukrayna və İspaniya arasında 3-cü yer uğrunda görüş isə həmin gün saat 17:30-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində Gürcüstana 2:3 hesabı ilə məğlub olub. İspaniya seçməsi ilə 2:2 hesablı heç-heçə edən futzalçılarımız Bosniya və Herseqovinaya 5:2 hesabı ilə qalib gəliblər. Qrupda üçüncü olan Azərbaycan millisi növbəti mərhələyə vəsiqə qazana bilməyib.

Xəbər 299 dəfə oxundu.