Pekin Olimpiadasının emblemi, şüarı, talisman və medalları...
Pekin Olimpiadasının rəssam Lin Cunzhen tərəfindən hazırlanmış emblemi Çindəki donq (qış fəsli) ilə oxşarlıq daşıyır. Emblemin əsas elementinin yuxarı hissəsi konkisürən fiquruna, aşağı hissəsi isə xizəkçinin siluetinə bənzəyir. Emblem Çinin dağ silsilələrini, idman meydançalarını, xizək enişlərini və konkisürmə meydançalarını simvollaşdırır. Emblemin aşağısında “Pekin-2022” yazısı və beş Olimpiya halqası var.

Oyunların talismanı buzdan kostyum geyinən pandadır. Talismanın adı Bin Dvendvendir. Dizaynerlər ona buzdan kostyum geyindiriblər. Çin dilində "bin" sözünün bir neçə mənası var, o cümlədən buz, təmizlik və güc, “dundun” isə sağlam, güclü və şən deməkdir. Təşkilat komitəsinin press-relizində bildirilir ki, buz kostyumu, qızıl ürəyi və bütün idman növlərinə sevgisi ilə panda Olimpiya Oyunlarının əsl ruhunu dünya ilə bölüşməyə hazırdır.

“Birgə gələcək üçün!” Pekin Olimpiadasının şüarıdır. Bu, şüar dünyanın çətinlikləri, o cümlədən koronavirus pandemiyasının yaratdığı problemləri aradan qaldırmaq üşün bütün insanları birgə işləməyə çağırır.

Olimpiadanın medallarının onlayn təqdimatı 2021-ci ilin oktyabrın 26-da baş tutub. Diametri 87 millimetr olan bu medallar "Tong Xin" (Çincə "bütövlükdə") adlanır. Qızıl medallar zərli gümüşdən, gümüş medallar təmiz gümüşdən, bürünc medallar isə misdən hazırlanır.

Medalların forması klassik görünüşə malikdir və 2008-ci ildə keçirilən XXIX Yay Olimpiya Oyunlarının mükafatlarını xatırladır. Mükafatların müəyyən oxşarlığı Pekinin həm yay, həm də qış Olimpiya oyunlarına ev sahibliyi edəcək ilk şəhər olması ilə bağlıdır.

Medalların ön tərəfində mərkəzdə beş olimpiya halqası həkk olunub, onların ətrafında buz, qar və bulud naxışları ilə əhatə olunmuş XXIV “Pekin-2022” Qış Olimpiya Oyunları yazısı var.

Qeyd edək ki, bu gün Pekində start götürən Qış Olimpiya Oyunları fevralın 20-dək davam edəcək. Azərbaycanı fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcəklər. Komandanın bayraqdarı olan V.Litvintsev fevralın 8-də və 10-da buz üzərinə çıxacaq. Fevralın 15-də və 17-də isə Y.Ryabova öz məharətini göstərəcək.

Xəbər 402 dəfə oxundu.