Azərbaycan kubokunda dörddəbir final mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib
Futbol üzrə Azərbaycan kubokunda dörddəbir final mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib.

Üç günü əhatə edəcək mərhələyə fevralın 11-də “Keşlə” – “Qarabağ” oyunu ilə start veriləcək. Saat 18:00-da başlayacaq görüş “ASK Arena”da keçiriləcək.

Fevralın 12-də bir görüş təşkil ediləcək. “Bank Respublika Arena” stadionunda “Sabah” komandası “Neftçi” ilə üz-üzə gələcək. Qarşılaşmanın vaxtı 16:00-da təyin olunub.

Növbəti gün iki görüşlə yarımfinal mərhələsinə adlayan bütün iştirakçıların adları məlum olacaq. Günün il görüşündə “Qəbələ” öz meydanında “Sumqayıt” klubunu qəbil edəcək. Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 15:00-da başlayacaq.

Son oyunda isə “Səbail” öz meydanında “Zirə” klubu ilə görüşəcək. Saat 18:00-da keçiriləcək qarşılaşma “ASCO Arena” oynanılacaq.
Mərhələnin bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, bu mərhələnin ilk oyunlarında “Zirə” öz meydanında “Səbail”i darmadağın edib (4:0). “Qarabağ” evdə “Keşlə”yə 2:0 hesabı ilə qalib gəlib. “Neftçi” klubu “Sabah”la bərabərə qalıb (1:1). “Qəbələ” isə səfərdə “Sumqayıt”a qalib gəlib (1:0).

Qeyd edək ki, Azərbaycanı UEFA Konfrans Liqasının pley-off mərhələsində təmsil edəcək “Qarabağ” komandası “Keşlə”yə qarşı keçirəcəyi səfər oyununun vaxtının bir gün dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

Yarışların əsasnaməsini və “Keşlə” klubunun razılıq məktubunu rəhbər tutan PFL “Keşlə”-“Qarabağ” oyununu fevralın 12-dən fevralın 11-nə keçirib.

Xəbər 366 dəfə oxundu.